Nailiyyətlər

1955-ci ildən başlayaraq «Göygöl Şərab Zavodu» (keçmiş «Xanlar Şərab Zavodu») tərəfindən istehsal edilmiş məhsullar Yuqoslaviyada, Macarıstanda, Çexoslavakiyada, Bolqarıstanda, Almaniyada, Tiflisdə, Yaltada keçirilən beynəlxalq şərab müsabiqələrində iştirak etməyə başlamış, zavodda istehsal olunan Azərbaycan konyakları dünya şöhrəti qazanmışdı. Zavodda adi və KV, KVVK, KS və OS keyfiyyət qruplarından olan yüksək keyfiyyətli konyaklar istehsal edilirdi.
Zavodun istehsal etdiyi «Gəncə», «Göygöl», «Bakı», «Yubiley», «Azərbaycan», «Moskva“ və “Şirvan» konyakları Beynəlxalq şərab müsabiqələrinda 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışlar. Seçmə şampan və şərablar isə müsabiqələrdə 1 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görülmüşdür. Müəssisə yenidən qurulduqdan və istehsal fəaliyətinə başladığı dövrdən sonra ilk dəfə 2008-ci ildə, Mart-Aprel aylarında Brüsseldə keçirilən «UNİTED VODKA 2008» «Beynəlxalq qapalı Tünd İçkilər Müsabiqəsində„iştirak etmişdi. Bu müsabiqəyə dünyanın tanınmış alkoqollu içkilər istehsalçılarının təqdim etdiyi 600-ə yaxın nümunələrin içərisində, zavodun istehsal etdiyi iki növ araq və bir növ 1968- ci ilin XAN „Ekstra“ adlı konyakı qızıl medala, Azərbaycan araq (vodka) istehsalı tarixində ilk dəfə olaraq, XAN „Premium“ arağı gümüş və XAN „Eksport“ arağı isə bürünc medallara layiq görülmüşdür. Mükafatlar 2008-ci ilin may ayında, Kann kino festivalında, kino festivalı qaliblərinin qatıldığı mərasimdə təqdim edilmişdir. Zavodumuzun 2007-2008 illər ərzindəki fəaliyəti „Beynəlxalq Konyektur Göstəricilər Araşdırmaları Mərkəzi“ tərəfindən öyrənilmiş, Təşkilat Komitəsinin qərarı ilə zavoda „Qızıl Keyfiyyət Sertifikatı“ verilmişdir.
Həmin dövrün nəticələrinə görə, Beynəlxalq „TİCARƏT LİDERLƏRİ KLUBUNUN“ təsis etdiyi „KEYFİYYƏTƏ GÖRƏ“, „YENİ MİNİLLİYİN MÜKAFATI“ – fəxri mükafatı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, zavodun istehsal etdiyi məhsullara AZS Milli Sertifikatlaşdırma Sisteminin AZS İSO 9001-2000 (İSO 9001-2000), qeydiyyat № AZ 031.01.25.0001.2008, qeydiyyat tarixi 02.06.2008 il olan «KEYFİYYƏTİ İDARƏETMA SİSTEMİNİN SERTİFİKATI“-nı vermişdir.